TÜRKSAM Başkanı Dr. Sinan Oğan, Azerbaycan’ın başkenti Bakü’de konuk olduğu AzNews.az Haber Portalı’nda gündemle ilgili açıklamalarda bulundu.

 

Oğan’ın Aznews.az’a verdiği röportajın Azerbaycan Türkçesinde yayınlanmış hali şöyle…

 

– Sinan bəy, ilk sualımız Türkiyədə baş tutan sui-qəsd haqqındadır. Çünki bu gün dünyada ən çox danışılan mövzulardan biridir. Sizcə, Qaşıqçı hadisəsi nədən baş verdi? Niyə bu qətl məhz Türkiyədə baş verdi? Məgər Səudiyyə Ərəbistanı Qaşıqçını başqa bir yerdə öldürə bilməzdi?

 

– Qaşıqçı hadisəsi mənə görə Səudiyyə Ərəbistanının böyük qəddarlığı və səriştəsizliyidir. Əlbəttə hər hansı professional qatilə- killerə bir insanı rahatlıqla hər yerdə öldürdə bilərdilər, amma niyəsə qətl üçün Türkiyəni və diplomatik korpusu seçdilər. Mən bunun “yol qəzası” olduğunu düşünürəm. Mənə görə bu, daha böyük, iri layihə idi. Çünki mərhum jurnalistə oxşayan birini gətiriblər, onun paltarlarını geyindirib şəhərə aparıblar. Amma ayaq ölçüsünü götürməyi unudublar. Məncə, Türkiyəni çətin vəziyyətdə qoya biləcək bir layihə hazırmışdılar, amma qumbara əllərində partladı. Türkiyə Qaşıqçı qətlinin baş verdiyi zamana aid səs yazılarını əldə etdi. Bu səs yazıları tamam başqa qaynaqları araşdırarkən üzə çıxdı. Bu da Türkiyə kəşfiyyatının uğurudur. Çox böyük dövlətlərin kəşfiyyatlarının edə bilmədiyini Türkiyə kəşfiyyatı etdi. Bir daha deyirəm, bu sadəcə bir nəfəri öldürmək layihəsi deyildi. Daha böyük planlar var idi, amma məqsədlərinə nail ola bilmədilər.

 

– “Daha böyük planlar” dedikdə, nəyi nəzərdə tutursunuz?

 

– Səudiyyə Ərəbistanının, İsrailin, Amerikanın bölgədəki ən böyük hədəfi, İsrailin təhlükəsizliyini təmin etmək və bunun üçün bölgədəki ölkələri bir-birilə qarşı-qarşıya qoymaq, əlaqələrini pozmaqdır. Bunu ya Türkiyənin, ya İranın, ya da digər bölgə ölkələrinin üstünə atacaqdılar. Amma, dediyim kimi, qumbara əllərində partladı. Çox qəddar və hər kəs tərəfindən qınanmalı hadisədir.

 

– Sizə elə gəlmirmi ki, hadisə açıqlığa qovuşandan sonra Səudiyyə Ərəbistanının iqtidar məsələsində iplər Türkiyənin əlinə keçib?

 

– Bəli, Türkiyə bu mövzuda avantaj əldə etdi. Çünki vəliəhd Şahzadə Muhammed ibn Salman, çox güclü gəlirdi. O, Amerikanın və İsrailin yaxın adamı olaraq meydana güclü oyunçu kimi çıxırdı. Amma belə bir “yol qəzası” ilə bütün avantajlarını itirdi və Türkiyəyə çox böyük rıçaq verdi. Bu da yəqin ki, Allahın bir hikmətidir.

 

– Allahın hikmətimi, ABŞ-ın hikmətimi?

 

– ABŞ bunun belə olmağını, rıçaqların Türkiyədə olmasını istəməzdi. Çünki ABŞ, Muhammed ibn Salmana çox böyük vəsait qoyub. Bununla yanaşı İsrailin bölgədəki təhlükəsizliyini təmin etməyə çalışır. Amma siz böyük ölkəsiniz, pulunuz çoxdur deyə, hər zaman, hər şey istəklərinizə uyğun olacaq demək deyil. Bəzən filin ayağına tikan batır və o böyüklükdə fili xırdaca tikan narahat edir. Burada da belə oldu. Çanaq öz başlarında çatladı, kələf öz ayaqlarına dolandı. Muhammed ibn Salman, Səudiyyə Ərəbistanının gələcəyində böyük rol oynaya bilərdi. Amma bu məsələ onun krallıq yolunda ən böyük imtahanıdır. Amerikada da Trampın vəziyyəti yaxşı deyil, gələcək seçkilərə itki ilə gedir. Bu məsələ artıq dünya ictimaiyyətinin əsasə məsələsi olub. Əgər Türkiyə bu cinayətlə əlaqəli kifayət qədər sübut yığa bilməsəydi, bəlkə də bunu Türkiyənin üstünə atıb başqa bir oyun oynayacaqdılar. Amma Türkiyə bu oyunu pozdu.

 

– Bəs, hazırda ABŞ Türkiyədən nə istəyir?

 

– ABŞ bu dəqiqə Türkiyədən çox şey istəyir. Birincisi, ABŞ-ın Türkiyədəki bütün maraqlarına təslim olmamızı istəyir. İkincisi, İsrailin bölgədəki təhlükəsizliyini təmin etmək istəyir. Üçüncüsü, Amerika və İsrailin ən vacib rəqibi, Rusiya və İrandır, onlarla əlaqələrini kəsməyini istəyir. Dördüncüsü, Rusiya ilə silah alışı müqaviləsini dayandırmağını istəyir. Beşincisi, bölgədə kürd dövləti qurulmasını istəyir. Altıncısı, Türkiyənin Rusiyadan, Çindən, İrandan uzaqlaşıb Amerika və İsraillə birgə hərəkət etməyini istəyir. Yeddincisi, Səudiyyə Ərəbistanının, Misirin və digər körfəz ölkələrinin yanında olmağını istəyir. Yenidən Misirlə əlaqələri düzəltmək istəyir.

 

– Türkiyə ilə İsrailin problemi nədir? Axı ortalıqda paylaşılmayacaq nəsə yoxdur kimi görünür…

 

– Mövzu sadəcə Türkiyə ilə İsrail arasındakı əlaqələr olsaydı, bu, bir yolla düzələ bilərdi. Amma elə deyil. Necə ki, Türkiyə ilə Ermənistan arasındakı problemlərin səbəbi sadəcə iki ölkə arasındakı problemlər deyil. Qarabağ bizim üçün “olmazsa, olmaz” prinsipidir. Türkiyə ilə İsrail arasındakı problemlərin kökündə də bir çox amil var: Fələstin məsələsi, Məscidül-Əqsa məsələsi, Qəzza məsələsi, İsrailin bölgədəki işğalçı davranışları… Bu, iki ölkə arasındakı əlaqələri birbaşa maraqlandıran məsələlərdir. Halbuki bunları çıxanda Türkiyə ilə İsrail arasında keçmişdə ticarət, texnologiya, turizm sahəsində yaxşı əlaqələr var idi. Bu gün də əlaqələr çox pis sayılmaz. Amma digər məsələlər, bu iki ölkənin bir-birinə yaxınlaşmasına əngəl olur. İsrail bölgədəki təcavüzkar mövqeyindən əl çəkməlidir. İsrail paytaxtı, türklərin, müsəlmanların və İslam dünyasının müqəddəs bildiyi şəhərə köçürməkdən əl çəkməlidir. Fələstini tanımalı və orada işğaldan əl çəkməlidir.

 

– İsrailin paytaxtını dəyişməsi axı Türkiyəni niyə narahat etməlidir, məgər paytaxt olanda Yerusəlimin qutsallığı itir?

 

– Amma ora İsrailin deyil, Fələstinindir. Əgər ora tarixən İsrail torpağı olsaydı, onda başqa cür danışa bilərdi. Amma oranı İsrail işğal edib.

 

– Sinan bəy, sizə elə gəlmirmi ki, Türkiyə dövlət olaraq ərəblərə lazım olduğundan çox diqqət göstərir?

 

– Mən Türkiyəni gələcəkdə idarə etməyə namizəd siyasətçiyəm. Çıxışlarımda həmişə “bizim üçün əsas coğrafiya ərəb coğrafiyası deyil, türk coğrafiyası olmalıdır” deyirəm. Mən əgər bir seçim etməliyəmsə, ilk prioritetim türk dünyası- Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Əfqanıstan, Təbriz, Tatarıstan, Krım olmalıdır. Dəmirəlin dövründə gündəmə gələn Adriatikdən Çin səddinə qədər olan türk coğrafiyası mənim üçün daha önəmlidir. Ancaq hazırda Türkiyədə hakim partiyanın önəm verdiyi coğrafiya isə Orta Şərqdir. Bu bir yanaşma, tərcih məsələsidir. Türk milliyətçiləri üzünü türk dünyasına çevirir, siyasi İslam daşıyıcıları isə üzünü ərəb coğrafiyasına. “Ərəb baharı”ndan sonra həmin coğrafiyada Türkiyənin yaxın münasibətdə qaldığı, dost deyə biləcəyi ölkə sayı xeyli azalsa da, yenə də Türkiyə o coğrafiyanı xarici siyasətində əsas prioritet kimi götürməkdən vaz keçmir.

 

– Bunu bir çox müşahidəçilər “Osmanlı zehniyyəti” adlandırırlar?

 

– Məncə, Osmanlıya bu baxımdan səhv yanaşırlar. Xatırladıram, Osmanlı hər zaman Qərbə tərəf genişlənib. Bir neçə istisna xaric, heç bir zaman Şərqə doğru getməyib. Osmanlı ərəb coğrafiyası demək deyil. Fikir verin, Osmanlı sultanlarının yürüşlərinin əksəriyyəti- cəmi bir neçəsindən başqa- hamısı Avropaya olub. Avstriyaya qədər irəliləməsi bunun göstəricisidir. Osmanlı Orta Şərq imperiyası yox, Qərb imperiyası idi. Gəlin baxaq, Osmanlının Orta Şərqə nə qədər, Qərbə neçə səfəri var? Osmanlı üzünü həmişə Qərbə doğru çevirib. Odur ki, “biz Osmanlı sayaq Orta Şərqə yönəlirik” demək doğru deyil. Baxmayaraq ki, o coğrafiyalar Osmanlının hakimiyyəti altında idi.

 

– Az öncə Qarabağ vurğusu yapdınız. Ona görə də icazənizlə söhbəti Qafqaza gətirək. Ermənistan hazırda Türkiyənin dövlət sərhədlərini tanımır. Bu Türkiyə üçün direkt təhdid deyilmi?

 

– Ermənistan istədiyi qədər tanımasın. Bu, bir milçəyin gəlib bir insanın yanında vızıldaması kimi bir şeydir. Ermənistan bizi tanısa, nə olar, tanımasa nə olar. Balaca bir ölkədir. Ermənistan gəlsin bizdən xahiş etsin ki, gəlin bizlə yaxşı münasibətlər yaradın. Bizim Ermənistana heç bir məcburiyyətimiz, ondan hər hansı asılılığımız yoxdur. Ermənistan bizdən asılıdır, bizə və Azərbaycana ehtiyacı var. Ermənistan içi boşalmış, əhalisi getdikcə azalan, gənclərinin hamısı Qərbdə, Rusiyada, qadınları Türkiyədə iş axtaran ölkəyə çevrilib. Bu səbəblə Ermənistanın bizi tanıyıb- tanımamasının Türkiyə üçün heç bir önəmi yoxdur. Bizim onu, onun da bizi tanıması üçün əvvəlcə işğal etdiyi torpaqlardan çıxmalıdır. Bizdə bir ifadə var, deyirlər, torpaq gözünü doyursun. Ermənistanın torpaq gözünü doyursun. Öz halına baxmadan bizdən Ağrı dağını, Qarsı, Iğdırı istəyir. Ermənistan özünü, ac toyuğun darı anbarında hiss etdiyi kimi hiss edir.

 

– Amma Ermənistanın Türkiyəyə qarşı sadəcə ərazi deyil, “soyqırım” iddiaları da var. Bundan isə böyük dövlətlər Türkiyəyə qarşı təzyiq üçün istifadə edirlər…

 

– Onu indiyə qədər istifadə edirdilər. İllərlə Ermənistan elə bilirdi ki, qondarma soyqırımın 100-cü ilində nə isə olacaq. Onlar böyük ümidlə gözləyirdi ki, 100-cü il olacaq, beynəlxalq məhkəmələr Türkiyəni məhkum edəcək. Nəticədə Türkiyə onlara milyardlarla təzminat ödəyəcək, Ermənistan iqtisadiyyatı bu pullarla dirçələcək. Ermənistanın bütün xəyalları kimi, bu xülyası da puç oldu. 100-cü il keçdi və heç nə olmadı. Olmayacaq da! Əgər “soyqırım” iddialarının tarixini araşdırsaq, Türkiyənin bu məsələdə axırıncı sıralarda belə yer tutmaz. Fransızların dünən Əlcəzairdə etdikləri soyqırım var, amerikalıların qırmızıdərililərə və yaponlara qarşı, İraqda, Əfqanıstanda etdiyi soyqırımlar var… İsrailin Fələstində etdiyi soyqırım, almanların yəhudilərə etdiyi soyqırım- dünyada o qədər soyqırım edən millət var ki, bunun qarşılığında türk əsgərlərini arxadan bıçaqlayan erməniləri başqa əraziyə köçürməyini heç kim “soyqırım” kimi qəbul etdirə bilməz. Etdirə bilmədi də. Bunlar boş söhbətlərdir. Ermənistan bu boş xəyalları buraxsın, reallığa dönsün.

 

– Qarabağla bağlı müşahidələriniz necədir? Sizin baxış bucağınızdan danışıqlar prosesi necə görünür?

 

– Təəssüf ki, həm ATƏT-in Minsk qrupu, həm də digər müvafiq təşkilatların nəzdində sanki Qarabağı heç kim xatırlamaq istəmir. Heç bir beynəlxalq təşkilat Qarabağı yenidən gündəmə gətirmək, bu problemi həll etmək lüzumundan baxmır məsələyə. Hamı deyir ki, vəziyyət elə bu cür qalsın. Nə vaxta kimi bu cür qalacaq? Bu Ermənistanı qane edə bilər. Amma Azərbaycanı da, Türkiyəni də qane etmir. Buna görə də bu məsələnin həll yolu tapılmalıdır. Azərbaycan ordusu ilə, iqtisadiyyatı ilə, xalqı ilə hər gün güclənən ölkədir. Azərbaycanın və Türkiyənin səbrinin bir həddi var. Bu məsələnin, heç bir əsgərin, vətəndaşın burnu belə qanamadan sülh şəraitində həll olmasını Azərbaycan da, Türkiyə də istəyir. Lakin beynəlxalq ictimaiyyət bilməlidir ki, səbrimizin bir həddi var. Aprel ayında baş tutan döyüşlərdə Azərbaycanın istəsə, nələr edə biləcəyini gördülər. Bunu Ermənistan da görür və istəyir ki, heç nə olmasın, durum belə də qalsın. Amma bu iş belə getməz. İndi Suriya məsələsi gündəmdədir və beynəlxalq ictimaiyyətin də başı ona qarışıb. Ondan sonra istər-istəməz bu məsələ gündəmə gələcək.

 

– Qarabağ müharibəsi olarsa, Türkiyə harada olacaq?

 

– Türkiyə olmalı olduğu yerdə – qardaşlarının yanında olacaq!

 

– Bəs Suriya məsələsi niyə bu qədər uzandı?

 

– Suriya məsələsi təəssüf ki, Türkiyənin xarici siyasətindəki səhvlərdən biridir. Türkiyə, Suriya məsələsini çox tez həll ediləcəyini düşündü. İki həftədə Şamda namaz qılmaq iddiasına düşdü. Halbuki Rusiyanın bu məsələdə aktyor olduğunu, İranın cəbhəni Şamda qurduğunu, Şam yıxılsa, Tehranın da yıxılacağını öncədən bilməli idi. Əsəd rejimi tək olsaydı, bir ay belə qalmazdı. Amma həm Rusiya, həm İran köməyinə gəldi, Lubnandan Hizbullah dəstək verdi, Əsəd rejiminin yanında savaşdı. Türkiyə Suriyada baş verəcək bu hadisələri görə bilmədi. Mən bir stratejist millət vəkili olaraq bu barədə çox xəbərdarlıq etmişdim. Bu məsələlərdə Türkiyənin səhv etdiyini dedim. Şükür, indi səhvlər başa düşüldü və gec də olsa, indi Türkiyə Suriya məsələsində düzgün mövqeyə gəlib. Suriyada Amerikanın kürd dövləti qurmağına əngəl olmağın yolu Türkiyənin Suriya rejimi ilə danışıqlara getməyindən keçir. Əsəd yaxşı biri olduğu üçün yox, Türkiyənin maraqlarına uyğun gəldiyi üçün bu addım atılmalıdır. Yoxsa, Əsədin nələr etdiyini hamımız bilirik.

 

– Bayaq qeyd etdiniz ki, Şam getsə, Tehran da gedər. Sizcə, Tehran nə vaxt gedir?

 

– Suriya məsələsi bölgədəki ən əsas problemdir. Təbii ki, bu işlər o qədər asan deyil. Bir ölkəni plansız şəkildə yıxmağa çalışmağın nəticəsini biz Suriyada gördük. Hazırda Türkiyədə 5 milyon- 4 milyon suriyalı, 1 milyon digər ölkələrdən qaçqın var. Türkiyə iqtisadiyyatı böyük bir yükün altındadır. Türkiyənin ətrafındakı ölkələrin yıxılmağı Türkiyəyə təzədən 5-10 milyon insanın gəlməyi deməkdir. Yəni belə işlərdə nəyi, nə vaxt, necə edəcəyinizi düşünməlisiniz.

 

– Sizcə, ABŞ-ın, Rusiyanın, İsrailin və Türkiyənin İranla bağlı planları necədir?

 

– Hazırda ABŞ-ın İsrail və Səudiyyə Ərəbistanı ilə birgə birinci öncəliyi İran məsələsidir. Həm körfəz ölkələrinin, həm İsrailin, həm də Amerikanın əsas hədəfi embarqolar vasitəsilə İranın neft gəlirini, istər Yəməndə, istər Liviyada, istərsə də Suriyada və digər xarici bölgələrdəki gücünü azaltmaq, sonra da içəridə rejimi dəyişdirməkdir. Rusiya isə bunu istəmir. Türkiyənin isə bölgəsində bu gün kifayət qədər problem var. Buna görə də yeni problem istəmir. Amma bununla bərabər hər bir türk, əlbəttə, İrandakı cənubi Azərbaycan türklərinin daha rahat yaşamağını, öz dillərində danışmağını, Urmiya gölünün qurudulmamasını istəyir. Bunlar ən əsas problemlərdir. Bunu istəmək ayrı şey, bölgədə yeni müharibə istəmək ayrı şeydir.

 

– İran, Türkiyə və bölgədəki digər dövlətlər sizcə müharibədən qaça biləcəkmi?

 

– Müharibə yaxın zamanlarda olmaz.

 

– Niyə olmaz?

 

– Çünki bölgədə kifayət qədər problem var. Bir neçə problemin eyni zamanda mövcud olmasını heç kim istəmir. Hələ Suriya problemi həll olunmayıb. Bir ölkəni parçalamaq Avropa üçün yeni miqrant axını deməkdir. Türkiyə 5 milyon miqranta baxır, amma Avropa 500 min qaçqın istəmir. İran Suriyadan çox böyükdür. Bir müharibə 500 min yox, 5 milyon qaçqının Avropaya getməyi deməkdir ki, bunu da heç bir avropalı istəməz. Bu səbəblə də mən, qısa müddət ərzində müharibə olacağını düşünmürəm. Amerikanın planları orta müddətə hesablanıb. PYD ilə birlikdə 100 min nəfərlik ordu hazırlayır. PKK-çı terroristləri PYD maskası ilə bəzəyib bölgədə 100 min nəfərlik, istədiyi bölgəyə apara biləcəyi bir güc hazırlayır. Əsas hədəfi ilk növbədə İran, sonra isə Türkiyədir. PYD-ni həm İrana, həm də Türkiyəyə qarşı istifadə edə biləcəyi bir qüvvə kimi hazırlayır. Türkiyə də bunu görür. Bir ölkəni yıxmaq asan olsa da, sonrası çətindir. Zəngin islam ölkələri nə qədər miqrant qəbul etdi? Olan Türkiyəyə olur. Hazırda iqtisadi cəhətdən Türkiyə bəzi çətinliklərdən keçir. Bu vaxta qədər suriyalı qaçqınlara 35 milyard dollar xərcləyib. Bu, çox böyük məbləğdir. Türkiyə o qədər zəngin ölkə deyil. Nefti, qazı xaricdən alan ölkədir. Bu səbəblə də Türkiyə bunların hamısını müzakirə etməli, nəzərə almalıdır. Bu problem Azərbaycana da yaxşı tanışdır. Ermənistanın işğal etdiyi bölgələrdən qaçqın və məcburi köçkün düşmüş milyonlarca insan var və onların problemlərini çözmək Azərbaycan üçün də asan olmayıb.

 

– Türkiyə, Azərbaycan silahlı qüvvələri, üstəlik, İran ordusunun sıralarındakı türklər… Bunların hamısını toplasaq, bölgədə ən çox silah kimin əlində olur, türklərin, deyilmi?

 

– Beynəlxalq siyasətdə riyaziyyatdakı kimi iki ilə ikini toplayanda dörd eləmir (gülür)… Əgər etsəydi, bu gün Türkiyə ilə Azərbaycan əhalisi yan-yana 100 milyon edir. Üstünə də digər Türk dövlətlərini gəlsək… Avropa Birliyi kimi bir birlik qura bilirikmi? Qura bilmirik!

 

– Niyə?

 

– Orta Asiya ölkələri bu gün hardadırlar? Bu ölkələr “Şanxay” əməkdaşlıq təşkilatının üzvüdürlər, o qurum daxilində Çin və Rusiya ilə yaxından əməkdaşlıq edirlər. Buna görə də “2” ilə “2” burada “4” etmir. Türk siyasətçisi olaraq mən istəyərəm ki, Türk Birliyi – Turan qurulsun, amma Turan qurmaq bir yana, türk coğrafiyasına viza ilə gedib-gəlirik. Yəni adi bir vizanı götürmədiyimiz halda, niyə “Turan birliyi” qura bilmədiyimizi soruşursunuz…

 

– Avropada vizanı götürüblər, ittifaq qurublar, amma işləri tərs gedir. Sizcə, “Brexit”in axırı necə olacaq?

 

– Bəziləri Avropa Birliyinin dağılacağını, bəziləri isə dağılmayacağını deyir. Amma zənnimcə, bir yolla özünü saxlayacaq. İngiltərə “Brexit”lə Avropa Birliyindən çıxmaq qərarı verib, amma bunun uzun müddətli olacağını düşünmürəm. Çünki ingilis xalqının hamısı AB-dən çıxmaq istəmir. Mən İngiltərənin yenidən bu birliyə qayıdacağını düşünürəm. AB çox tez böyüdü. Almaniya iqtisadi baxımdan AB-də hegemon oldu. Bu istər-istəməz İngiltərəni narahat etdi. İngiltərə həm də ada dövlətidir. Ada dövlətlərinin məntiqi, quru dövlətlərinin məntiqindən daha fərqlidir. İngiltərə özünü Almaniyanın yanında zəif gördü. Keçmişdə İngiltərə imperatorluq idi. Bunun da şüuraltı təsirləri ilə belə bir duyğusal qərar verdilər. Lakin bu qərar iqtisadi cəhətdən dəstəklənmədiyi müddətdə İngiltərə AB-yə geri dönəcək.

 

– Bəs Türkiyənin AB hədəfləri hansı vəziyyətdədir?

 

– Mənim üçün əsas Avropa Birliyi yox, Turan Birliyidir. Mənim siyasi məfkurəmə görə, nə Avropa, nə də Ərəb birliyi! Mənə görə vacib olan Turandır. Mən siyasətdə hədəfimdə olan yerə gələndə, Türkiyəni Avropa Birliyinə daxil etmək üçün yox, Türkiyənin türk qardaşlarımızla daha yaxın əlaqələr qurması üçün çalışacam. Avropa Birliyi bu gün Türkiyə üçün hüquq normaları, avantajlı ticarət, qərbin mədəniyyət səviyyəsinin düzgün başa düşülməsi sarıdan önəmlidir. Qərb mədəniyyəti dediyimiz şey, onları adət-ənənələrini olduğu kimi öz cəmiyyətimizə köçürmək deyil, ordakı kimi küçəyə tüpürməmək, qırmızı işıqda dayanmaq, təhsil sistemini yüksəltmək, kitab oxuyanların sayını çoxaltmaqdır. Bu səviyyələrdə olmaq lazımdır. Orda olduqdan sonra Avropa Birliyinin içində olsaq da olar, olmasaq da. Hamı sevdiyi ilə bərabər olmağa çalışır. Bizim sevdiklərimiz isə, mənə görə avropalılar və ya ərəblər deyil, türklər olmalıdır.

 

– 60-70-ci illərdə Amerikada Afrika mənşəlilər arasında belə bir ifadə var idi: “Ağlar kimi yaşayaq, qaralar kimi düşünək”. Qərblə Şərq arasındakı inteqrasiya dalğasında da hazırda belə bir düşüncə var. Onlar kimi yaxşı yaşayaq, amma özümüzü dəyişməyək…

 

– Baxın, qərblilər donuz əti yeyir deyə, biz də qərbli olmaq üçün donuz əti yeməliyik deyə bir şey yoxdur. Qərbli olmağın göstəricisi bu deyil. Götürək hüquq sistemini. Qərbdə hüquqi qərarlar kiminsə tapşırığı ilə deyil, qanuni əsaslara görə verilirsə, biz bu təcrübəni mənimsəməliyik. Yoxsa, Qərbin yaşayız tərzini mənimsəməli deyilik. Unutmayaq ki, Qərb mədəniyyəti bizdən öyrənib. Bir zamanlar Fransada qoxudan küçələrdə yerimək olmurdu. Bunlar şişirtmə deyil, reallıqdır. Onlar bir çox mənada mədəniyyəti bizdən öyrəndilər. Təəssüf ki, gəlib bizi keçdilər. İndi intellekt, təhsil sistemi, universitet, elm, kosmos, texnologiya baxımdan bizdən qabaqdadırlar. Son zamanlar Türkiyə olaraq öz silahımızı özümüz hazırlasaq da, silahların bəzilərini, dərmanların bir çoxunu Qərbdən alırıq. Biz bunları edə bilsək, o səviyyəyə çatmışıq deyə bilərik.

 

– Böyük Mustafa Kamal Atatürkün məşhur “Şapka” islahatı var idi. Şapkalar dəyişdi, amma dediklərinizə baxsaq, beyinləri, düşüncə tərzini dəyişə bilmədi. Demək ki, dediyiniz nəticələri əldə etmək sosial mühəndisliklə olmur. Siz necə düşünürsünüz?

 

– Atatürk həqiqətən də tək Şərqin deyil, dünyanın yetişdirdiyi ən böyük liderlərdən biridir. Çox şükür ki, o da biz türklərə nəsib olub. Məncə, Atatürk nə qədər Türkiyənindirsə, bir o qədər də Azərbaycanın, Türk dünyasının dəyəridir. Atatürk “Şapka” islahatını keçirəndə onun məqsədi, fəsi çıxardıb yerinə şapkanı qoymaq deyildi. Sadəcə, o, bir göstərici idi. Yəni biz, Qərb mədəniyyətini almaq istəyirik. Mədəniyyət isə sadəcə bir şapkanın şəklində deyildi. O, zehinlərimizin də dəyişməli olduğunu deyirdi. Amma təəssüf ki, Atatürkdən sonra onun islahatları başa düşülmədi və davam etdirilmədi. Qərbin təhsil sisteminin səviyyəsinə çata bilmədilər. Biz, 1940-cı illərdə İngiltərəyə təyyarə satırdıq. İndi təyyarə alırıq. Uçaq zavodumuzda yanğın oldu və hər şey yandı. Həmin sənayeləşməni davam etdirsəydik, bu gün Qərb bizim səviyyəmizə qalxmaq istəyəcəkdi. Bu, geniş prosesdir, prosesin məğzini sadəcə, “şapka islahatı” kimi görməməliyik.

 

– Bayaq qeyd etdiniz ki, Türkiyə nefti xaricdən alır. Ancaq “STAR” Neft Emalı Zavodundan sonra bu problem Türkiyə üçün xeyli dərəcədə həll olunub. Başqa sözlə, Türkiyə neft tranzitinin mərkəzi fiquruna dönüb. Bu barədə nə düşünürsünüz?

 

– “STAR” Neft Emalı Zavodu Türkiyəyə gələn – əslində dilim gəlmir “xarici” deməyə, çünki qardaşıq – ən böyük xarici vəsaitdir. Nə xoş bizə ki, bu böyük vəsaiti qoyan ölkə məhz Azərbaycandır. Bu gün Türkiyədəki ən böyük xarici vəsait Azərbaycana, Azərbaycandakı ən böyük vəsait isə Türkiyəyə məxsusdur. Azərbaycandan Türkiyədə 125 min tələbə oxuyub. Bunlar vacib şeylərdir. Onlar Azərbaycana bir mütəxəssis kimi dönəcəklər. Qardaş Azərbaycanın gəlib İzmirdə neft emalı zavodu açmağı önəmlidir. Amma bunlar belə, Türkiyənin öz neftinin olmasının yerini vermir. Nəticə etibarilə, Azərbaycandan da olsa, pulla alınır. Türkiyənin cari açığının əsas hissəsi bundan qaynaqlanır. Amma yenə də qardaş Azərbaycanın vəsaitini yüksək qiymətləndiririk.

 

– Bu zavodun təkcə ekonomik yox, siyasi baxımdan da strateji təsiri var və gələcəkdə bu təsir daha da böyüyəcək…

 

– Mütləq böyüyəcək. Amerika ilə müqayisə etsək, Azərbaycan qəlbən böyük, əhalisi, ərazisi isə az bir ölkədir. Türkiyəyə ən böyük vəsaitin Azərbaycan tərəfindən qoyulması çox vacibdir. Siz əgər bir ölkəyə sərmayə qoyursunuzsa, qoyduğunuz sərmayə qədər həmin ölkədə sözünüz keçir. Bunun təsiri çox olacaq və Azərbaycanın bölgədə təsirini artıracaq. Həm neft, həm dəmiryolu, həm də neft emalı zavodunun olması önəmlidir. Bir çox yeni enerji mənbələri olsa da, ən strateji məhsul neftdir. O da Azərbaycanın əlindədir. Neft xammal kimi Azərbaycanda yerin altında qalmır, Azərbaycan onu çıxarır və xammal kimi satmır. Öz zavodunda – Türkiyə ilə işləyərək satır. Bu, Azərbaycanın bölgədəki strateji üstünlüyünü artıracaq. Doğrusu, zavod üçün yer də düzgün seçilib. Çünki Egeyin qarşı tərəfi Avropadır. Bu yatırımla Azərbaycan Türkiyə vasitəsilə Avropaya da açılacağına işarə verib.

 

– Bəs Azərbaycan-Türkiyə münasibətləri başqa hansı sahələrdə inkişaf edə bilər?

 

– Türkiyədə Azərbaycanın sərmayəsi var, buna görə təşəkkür edirik. Məncə, bir çatışmazlıq da var. Azərbaycanlı iş adamlarının Türkiyədə şəxsi sərmayəsi yetərli deyil. Var, amma çox deyil. Mən istəyərdim ki, buradakı qardaşlarımız Türkiyəyə daha çox fərdi sərmayə qoysun. Hazırda Türkiyəyə sərmayə yatırmaq üçün ən uyğun zamandır. Azərbaycan vətəndaşları gəlib Türkiyədə sərmayə qoya bilərlər, mülk ala bilərlər. Bu gün Türkiyədə bunları ərəblər edir. Amma mən istəyərəm ki, qardaşlarımız gəlsin. Heydər Əliyevin bir millət, iki dövlət sözü, sadəcə, dövlətlər arası münasibətləri çərçivəsində qalmasın, iş adamları da bu aforizmdən çıxış etsinlər. Sizin vasitənizlə Azərbaycan iş adamlarını Türkiyəyə sərmayə qoymağa dəvət edirəm. Dövlət etdi, nümunə oldu, faydası olmasa, etməzdi. İndi bu missiyanı iş adamları da davam etdirsin!